Axtar

Məşhur Rejissor Emil Abdullayev “Hər şeyi bütün çılpaqlığı ilə görürəm” – MÜSAHİBƏ

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Expressxeberler.com saytı ölkə.aza istinadən xəbər verirki  Azərbaycan kinosunun inkişafının  yeni dövründə xüsusu xidməti olan Rejissor Emil Abdullayev qonağımızdır . “My name is İntiqam”, “Axırıncı yol”, “Stalinin başı” kimi filmlərin rejissoru Emil Abdullayevdir.

– “My name is İntiqam” filminindən sonra tanındınız və bundan sonra “Bozbash Pictures” ilə işləməyə başladınız.  Bu transfer necə baş tutdu?

– Əvvəlcə Müşviqgillə birlikdə gözəl film ortaya çıxardıq. Düşünürəm ki, “My name is İntiqam” filmi çox uğurlu alındı. Daha sonra “Bozbash Pictures” ilə birlikdə “Axırıncı yol” filmini çəkdim. Bu film isə deyərdim, daha çox uğur qazandı və Azərbaycanda rekorda imza ataraq ən baxımlı film oldu. Bu film yerli kinoteatrlarda yerli və xarici filmlər də daxil olmaqla ən çox izlənilən filmdir. İndi isə bu uğurun təsadüfi olmamasını sübut etmək üçün “Stalinin başı” adlı filmi çəkdik. Hazırda son proseslər üzərində işləyirik. Bu filmdən gözləntilərim böyükdür.

– Türkiyədə təhsil almısınız. Burada çəkdiyiniz filmlərdə oranın təsiri olduğunu sezmək olur. Türkiyədə kino və serial sektorunun ölkəmizdən dəfələrlə üstün olmasına baxmayaraq, niyə orada qalıb sənətinizi davam etdirmədiniz?

– Çalışıram ki, oradakı nüansları burada işlədim. Bizim tamaşaçılar türk kinolarına üstünlük verirlər. Lakin son zamanlar həm də bizim filmlər üstünlük təşkil etməyə başlayıb. Mən türk kinolarının xüsusiyyətlərindən istifadə edirəm. Azərbaycana qayıtmamda əsas səbəb isə Bakıdan kənarda yaşaya bilmirəm. Harasa getdimsə bir həftə qalaram, çox qala bilmirəm. Amma hazırda belə bir ehtimal var ki, Türkiyəyə gedə bilərəm. Lakin bu dəqiq deyil. Türkiyədə əlaqələrim çox genişdir. İstedadlı adam isə hər yerdə özünə yer tapıb qabağa gedə bilər. Mən də özümə inanıram. Ola bilsin ki, bir müddət sonra getdim. Müəyyən layihələrim var və bu zamanla bilinəcək.

 

– Türkiyə film sektoru ilə bizdə fərq nədir?

– Bizdə filmlər yeni-yeni inkişaf edir, film sektoru artıq dirçəlir. Əslində düşünürəm ki, müqayisə etmək düzgün olmazdı. Onlar bizdən çox qabaqdadırlar. Maliyyə problemi öz sözünü deyir. Sovet dövründə bizim filmlərimiz inkişafda olan zaman onlarda bu yox idi. O vaxt onlarda çox keyfiyyətsiz filmlər çəkilirdi. 2000-ci ildən sonra inkişafa keçdilər. Məsələn, “Eşkiya” filmi ilə Şener Şen böyük uğur əldə etdi. Onlarda əhalinin çox olması da öz sözünü deyir. Filmlərini daha çox izlətdirə, daha çox pul qazana bilirlər. Bizdə də getdikcə yeni kinoteatrlar açılır. İndi ən çox baxılan filmlər məhz yerli filmlərdir. İstər xarici, istərsə də türk filmlərini keçirik. Mənə görə yerli filmlərimiz həm Hollivud, həm də türk filmlərindən üstündür.

– Bəzi rejissorlar “tanış”dan istifadə edərək rolun öhdəsindən necə gəlməsindən asılı olmayaraq filmdə yaxınlarını qabağa verməyə çalışırlar…

– Mənim çəkdiyim heç bir kinoda nə qohumum, nə dostum, nə də tanışım çəkilməyib. Düzdür, təkliflər olunur, ağız açırlar, amma istedadı yoxdursa, mən yox deyirəm. Bu durumlardan qaçıram. Əgər istedad yoxdursa, onu yaxına buraxmıram. İstedadı varsa, niyə də olmamalıdır? Mən belə düşünürəm, digərlərinə də bir sözüm yoxdur.

– Tək fəaliyyət göstərdiyiniz sahə rejissorluqdur?

– Xeyr. Bizneslə də məşğul oluram. Şükür işlər yaxşıdır.

– Son filminiz olan “Stalinin başı” filmindən danışardınız.

– Biraz böyük çıxmasın, amma deyim ki, son dövrlər çəkilən ən ağır filmi çəkmişik. Komediya janrında olan filmdir. İnanılmaz ağır filmdir. Gürcüstanda, Qusarda, təyyarədə, metroda və s. kimi məkanlardan istifadə etmişik. Məkan baxımından sizə onu deyim ki, 90 dəqiqəlik filmə 94 fərqli məkan sığdırmışıq. İndi siz təsəvvür edin, hər dəqiqəyə 1 məkan belə düşmür. Çox hərəkətli filmdir. Yorulmaq, darıxmaq olmayacaq. Tamaşaçı üçün bu çox yaxşıdır. Heç bir türk filmində 90 dəqiqədə 94 məkan görməmişəm.

– Çəkinmirsiz ki, film tamaşaçı rəğbətini qazana bilməz?

– Çünki tamaşaçı sağlam yumoru sevir. Biz də sağlam yumor və mükəmməl formada çəkilişlə onların qarşısına çıxırıq. Qeyd etdiyim kimi, tamaşaçını düşünərək fərqli məkanlarda çəkiliş etmişik. Onlar yorulmayacaq, bir anlıq gözlərini ekrandan ayıra bilməyəcəklər. Bir-iki hissəni gözdən qaçırsalar, çox şey itirəcəklər. Biz izləyiciləri düşünüb, onların zövqünü oxşayacaq formada bir iş ortaya çıxarırıq. Tamaşaçı keçən filmimizə lazımı dəstəyi verdi. Uğurumuzda onların payı əvəzolunmazdır. İnanıram ki, bu filmimizə də lazımı qiyməti verəcəklər. Çünki bu filmimiz keçən ilkindən yaxşıdır.

– Film çəkilişləri zamanı sizi ləngidən, çıxılmaz vəziyyətə salan hansı məqam oldu?

– Bizdə strateji məkanlar çox idi. Onlar da icazə ilə olurdu. İcazədə bəzi ləngimələr oldu. Amma şükür ki, istədiyimiz kimi nəticələndi. Sağ olsunlar dəstək verdilər. Aktyor kaprizi ümumiyyətlə yaşamadım. Bizim komandanın işləmə rejimi tamam başqadır. Ailə formasında, qardaşlıq kimi işləyirik. Birimizin nəyisə tapıb gətirmək imkanı varsa, onu edir. Bu onun işi olmasa belə. Yardımlaşmaq gözəl duyğudur. Bizdə bunlar var. Komanda olaraq yaxşı addımlayırıq, heç bir narazılığım yoxdur.

– Müşviqgildə bu yox idi? O komandadan buna görə ayrıldınız?

– Xeyr. Orada da hər şey normal idi. Sadəcə bəzi müəyyən məsələlər üçün yollarımızı ayırdıq. Amma Müşviqlə münasibətlərimiz qaydasındadır. Dostluğumuz davam edir. “Gizlənpaç” filminin təqdimatında iştirak etdik, xoş qarşılandıq. Onlara uğurlar arzulayıram.

– “Gizlənpaç”, “Oğlan evi-2”, “Naxox” və s. kimi iddialı filmlər bu il çəkilib. Bunlarla rəqabətdən çəkinmirsiniz?

– Bu çox gözəl haldır, çünki film sektoru inkişaf edir. Rəqabət olduğu yerdə uğur hər zaman olur. Keçən il “Axırıncı yol” filmi rekorda imza atdı. Ən çox baxılan film oldu. Bu uğurumuzu yenidən təkrarlamaq, rekordumuzu yeniləmək üçün çalışırıq. Həmkarlarımıza uğurlar arzu edirəm. Maraqlı işlər ortaya qoyurlar.

Azərbaycanlı rejissorun filmi hansı orijinallığı, hansı çalarları ilə xarici festivalların diqqətini çəkə bilər?

– Ssenarisi, sujet xətti, uğurlu hekayəsi olan filmlər uğur əldə edə bilər. Vizuallıq və simvolizm olarsa, uğura daha çox yaxınlaşmaq mümkündür. Bu gün biz çəkdiyimiz filmləri festival üçün nəzərdə tutub çəkmirik. Bugünkü filmləri tamaşaçının istəklərinə uyğun çəkirik.

– Əsas aktyor seçimidir, ya ssenarinin güclü olması?

– Hər ikisi önəmli faktordur. İkisindən biri zəif olsa, balans pozulur. Tarazlığı qorumaq gərəkdir. Məsələn, elə məşhur aktyor ola bilər ki, ona zəif ssenari verilər və uğur əldə etməz. Amma aktyorda istedad varsa, istənilən çətin ssenarini ona versən, öhdəsindən gələcək.

– Çəkdiyiniz filmlərə neçə dəfə baxırsınız?

– Baxmıram. Daha doğrusu, filmi özüm çəkib, özüm montaj edirəm. Montajda hər şeyi bütün çılpaqlığı ilə görürəm. Sadəcə, qala gecəsində tam olaraq izləyirəm.

Söhbətləşdi: Niyam Şirinov


994 dəfə görüntüləndi

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin