Axtar

Mənə nə ərəbin Məhəmmədindən, Hüseynindən?

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azər Həsrət


Ədliyyə Nazirliyi son beş ildə ölkəmizdə uşaqlara ən çox verilən adların siyahısını açıqlayıb. Dəhşətdir. Bir türk ölkəsi olan Azərbaycanda ərəb adları at oynadır! Ən ilk sırada Yusifdir: 19940 uşağa bu ad verilib. Zəhra adını 18935, Hüseyni isə 13726 uşağa pərçimləyiblər. Fatimə 13450, Əli 13425 rəqəmiylə ilk onluqda yer tutur.

Məhəmməd onluğa düşməsə də 8574 rəqəmiylə 11-ci yeri tutur.

Ümumiyyətlə isə, son beş ildə uşaqlara verilən adlar arasında ilk onluqda yer tutan adlardan 7-si ərəblərə aiddir. Nə olur, nə baş verir? Niyə biz millət olaraq ərəblərin adlarına üstünlük veririk? Məgər öz adlarımız yoxdurmu? Yaxud da öz adlarımız ərəbin əndrəbadi adlarından pismi səslənir?

Mənə elə gəlir ki, biz milli kimliyimizin təəssübünü heç çəkmirik. Kimlərsə bizə dini kimlik sırımaqla Türk kimliyimizdən uzaqlaşdırma yolu tutur. Biz də “Məhəmməd peyğəmbərin adıdır”, deyib millətimizə dəxli olmayan adı uşağımıza veririk. Yaxud da elə Ömər, Əli, Fatimə, Zəhra və s. bu qəbildən olan adları. Yenə də sual edirəm: niyə? Müsəlman olduğumuz üçünmü? Müsəlmanlıq bir ümmət kimi bütünləşməkdirsə, onda niyə ərəblər də bizim Türk adlarımıza üstünlük vermir? Qoy onlar da bizim adlarımıza bizim onların adlarına göstərdiyimiz sayğını göstərsinlər, onda deyim, hə. Yoxsa tək tərəfli ərəb adlarını başımızın üzərinə çıxarmaqla bir millət kimi özümüzü aşağılamış oluruq.

Bəlkə də bu məsələ kimlərəsə zərərsiz görünə bilər. Amma elə deyil. Çıxın Azərbaycandan kənara və özünüzü Məhəmməd, Əli, Zəhra, Fatimə kimi təqdim edin. Bir alman, bir ingilis, bir firəng bunu eşidəndə dərhal deyəcək ki, siz ərəbsiniz. Qınaya da bilməzsiniz adamları. Çünki adınız sizin milli kimliyinizin ən birinci təqdimatçısıdır və qeyd etdiyim adların daşıyıcısı olmaqla özünüzün o millətin – ərəblərin bir parçası olduğunuzu bəyan edirsiniz.

Bu yazını yazmaqda məqsədim heç də islam dinini gözdən salmaq, yaxud da bu dinə könül vermiş insanları gözümçıxdıya salmaq deyil. Hər kəs öz dinini seçməkdə sərbəstdir. Azərbaycan kimi multikultural, tolerant ölkədə isə bunun heç mübahisəsi belə doğru olmaz. Yəni biz kimsənin din seçiminə qarışmırıq, qarışılmasını da doğru saymırıq. Lakin milli kimlik məsələsinə əsla biganə qala bilmərik.

Azərbaycan bir türk ölkəsidir. Buranın insanlarının böyük çoxluğu türkdür və uyğun olaraq bu, özünü adlarımızda da göstərməlidir. Lakin göstərmir. Deməli, nəsə yerində deyil. Deməli, hələ də özümüzü bir millət olaraq layiqincə təqdim və təmsil edə bilmirik. Halbuki etməyimiz lazımdır. Ona görə də “islamdır”, deyib ərəb adlarına könül verməkdən imtina etməliyik. Bir türk ölkəsində dünyaya göz açan uşağa türk adı verilməlidir. Bu baş vermədikdə milli kimliyimiz hər keçən gün əriyib itəcək, itəcək və yox olacaq…

Biz, din kimliyini millət kimliyindən üstün tutmaqla çox böyük yanlışa yol veririk. Hələ yüz il öncə də aydınlarımız bu problemi görür və həllinə çalışırdı. Belə anlaşılır ki, ötən yüz il heç nəyi dəyişməyib. Təbii ki, bəzi insanlar üçün. Ona görə də ilk onluqdakı adlarımızın ən azı 7-sinin türk millətinə dəxli olmur…

Böyük Üzeyir Hacıbəyli nə deyirdi? Gəlin, xatırlayaq:

“Bir ərəbdən soruşursan ki, sən kimsən? Deyir:

– Ərəb!
– Sən nə dindəsən?
– İslam.
– Nə dildə danışırsan?
– Ərəb.

İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.

Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir.

Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdülillah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir.

Həmçinin rus, erməni və sairə.

Amma bizim bir nəfərimizdən sor ki, “sən kimsən?” Deyər müsəlmanam.

– Hansı millətdənsən?
– Müsəlman millətindən.
– Nə dinindəsən?
– Müsəlman dinindən.
– Nə dili danışırsan?
– Müsəlman dili.

Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir.

Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman – yəni islam dinini qəbul etmiş bir adam deməkdir.”

Durumumuz indi də onun kimi bir şeydir, böyük Ustad. Elə ona görə də hayqırıb deməyim gəlir ki, mənə nə ərəbin Məhəmmədindən, Hüseynindən?..

Ölkə.Az


275 dəfə görüntüləndi

Bütün xəbərlər Dünya 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin